Alınan mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i alıcıya qaytarılacaq.

  • 25.05.2022
  • 530
Alınan mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i alıcıya qaytarılacaq.

Azərbaycanda daşınmaz əmlaka görə ƏDV-nin qaytarılması qaydası təsdiqləndi

Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək

 

 

marja.az xəbər verir ki, Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi qaytarılacaq. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edəcəkdir.

Fiziki şəxs olan istehlakçılar (əhali) tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i alıcıya qaytarılacaq.

Marja.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Fərmandla təsdiq olunan Qaydalarda bildirilir.

 

Qeyd edilib ki Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir.

ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır. 

Həmçinin qeyd edilib ki, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir.

XXX

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Qaydada nəzərdə tutulan müvəkkil bankı (bankları), Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, 15 gün müddətində müəyyən etməli, ƏDV-nin qaytarılması sisteminin tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını büdcədənkənar fondu hesabına təmin etməlidir.

Bundan başqa, nazirlik vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini,ƏDV-nin qaytarılması sisteminin tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə isə, ƏDV-nin, Qaydanın tələblərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etmək, Qaydada nəzərdə tutulan rəyin formasını, İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, 15 beş gün müddətində təsdiq etmək tapşırılıb.

XXX

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

1. Ümumi müddəalar

1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir.

1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür.

1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

2. Əsas anlayışlar

2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs;

2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı;

2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs;

2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti);

2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;

2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar;

2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi;

2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi;

2.0.9. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün məlumatların inteqrasiya olunduğu vahid sistem.

3. Operator

3.1. Operator:

3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir;

3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi;

2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi;

3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi;

3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir;

3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir.

4. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi

4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.

4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir:

4.2.1. elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

4.2.2. satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı;

4.2.3. alıcının soyadı, adı və atasının adı;

4.2.4. alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer;

4.2.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı);

4.2.6. obyektin tikintisinə icazə sənədinin rekvizitləri;

4.2.7. tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri;

4.2.8. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri;

4.2.9. binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi);

4.2.10. tərkib hissəsi təqdim edilmiş binanın ünvanı;

4.2.11. yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi;

4.2.12. binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə);

4.2.13. təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla);

4.2.14. binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla);

4.2.15. vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla);

4.2.16. cəmi məbləğ (manatla);

4.2.17. yekun;

4.2.18. qaytarılacaq ƏDV-nin məbləği (manatla);

4.2.19. satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi;

4.2.20. alıcının imzası, adı və soyadı;

4.2.21. satıcının bank hesabının nömrəsi.

5. ƏDV-nin qaytarılması

5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir:

5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti;

5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı.

5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir:

5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi;

5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş).

5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.

5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.

5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir.

5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır.

5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür.

5.10. Operator hər ay qaytarılan ƏDV məbləği ilə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır.

5.11. Operator bu Qaydanın 5.10-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.11-ci bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil olduqdan sonra 3 (üç) iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.

5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır.

5.14. Alqı-satqı müqaviləsi ləğv edildikdə, satıcı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə elektron qaimə-fakturanı ləğv etməklə bağlı müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri aldıqdan sonra alqı-satqı müqaviləsi ləğv edildikdə, satıcı yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyərini və qaytarılan ƏDV məbləği çıxılmaqla qalan ƏDV-nin məbləğini alıcıya qaytarır. Satıcı tərəfindən alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada müvafiq dəqiqləşdirmə aparılır və müvafiq hesabat (o cümlədən, dəqiqləşdirilmiş hesabat) Dövlət Vergi Xidmətinə təqdim edilir.

6. Keçid müddəası

6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır:

6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə;

6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

https://marja.az/

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller